Yunan filosofu Platon müəllimi Sokratın fikir və baxışları əks olunan bir sıra kitabın müəllifidir. Bunların bir çoxu Sokratın kiminləsə dialoqu şəklində yazılıb. Ancaq belə dialoqlardan birində e.ə. 416-cı ildə şair Aqafonun evində həqiqətən də baş vermiş söhbət təsvir edilir. Qonaqlardan biri “sevginin təbiəti” mövzusuna toxunur.
Sokrat hesab edirdi ki, sevgi insanın xeyirxahlıq, gözəllik axtararaq ona çatmaq istəyəndə keçirdiyi hisdir. Bunu da zahirən gözəl olan kişi və qadında tapmaq olardı. Belə cismani məhəbbəti insanlar “sevgi” kimi başa düşür və onunla kifayətlənirdilər.
Ancaq cismani gözəllik vaxt keçdikcə əriyib gedir. Sokratın fikrincə, gözəlliyin ali və dəyişməz forması ruhun və niyyətin gözəlliyidir. İdeal isə zahiri və daxili gözəlliyin vəhdəti ola bilər. Buna görə də sevginin ən ali forması İlahi mərhəmətlə birləşməyə can atmaq sayılır.
Bu gün əgər kişi ilə qadın bir-birini heç bir cismani istəkləri olmadan, yüksək mənəvi və əqli keyfiyyətlərinə görə sevirlərsə, onların arasında platonik sevgi olduğunu deyirlər. (Ayzek Azimov. Sözlərin tarixi)